Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

İdarələrarası mərkəzin işçi qruplarının   Hadrutda birgə iclası baş tutub
İdarələrarası mərkəzin işçi qruplarının Hadrutda birgə iclası baş tutub

 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Şəhərsalma  məsələləri üzrə, Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Elm, təhsil və mədəniyyət məsələləri  üzrə İşçi Qruplarının Xocavənd rayonunun Hadrut qəsəbəsində  birgə iclası keçirilib. Toplantıda işçi qruplarına daxil olan nazirliklərin, agentliklərin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
    İclası giriş sözü ilə açan Prezident Administrasiyasının Humanitar Siyasət, Diaspor, Multikulturalizm və Dini məsələlər şöbəsinin  müdiri, Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupunun rəhbəri Fərəh Əliyeva Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Azərbaycan Ordusunun yenilməzliyi  sayəsində Vətən müharibəsində qazanılmış böyük qələbənin davamı olaraq işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işlərinin də eyni yenilməzlik ruhu ilə həyata keçirildiyini qeyd edib. İşçi qruplarının birgə iclasının işğaldan azad edilmiş ərazilərdə keçirilməsinin görülən işlərin səmərəliliyinin artırılmasında mühüm addım olduğunu vurğulayıb. Sonra
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, Əlaqələndirmə Qərargahının katibliyinin müdiri Nüsrət Süleymanov çıxış edərək Qərargah tərəfindən görülən işlərin sistemli xarakter daşıdığını bildirib,  İdarələrarası mərkəzin müvafiq işçi qruplarının  fəaliyyətinə toxunub, aidiyyəti dövlət qurumları tərəfindən Qarabağ bölgəsində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib.  İşğaldan azad edilmiş ərazilərdə aparılan işlərin artım dinamikasını nəzərə alaraq əlaqələndirmə fəaliyyətlərinin daha sıx şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
    İclasda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Sədrinin birinci müavini, Şəhərsalma məsələləri üzrə işçi qrupun rəhbəri Namiq Hümmətov işğaldan azad edilmiş ərazilərin Ümumi və Baş planlarının hazırlanması, şəhərsalma layihələri istiqamətində görülən işlər barədə iclas iştirakçılarına məlumat verib. Qarabağ bölgəsində yerləşən kənd və qəsəbələrin inkişafı məsələsinin ayrıca yanaşma tələb etdiyi və bu məqsədlə 5 kənd və 1 qəsəbənin gələcək memarlıq simasının müəyyən olunması üçün Komitə tərəfindən "Qədim Qarabağın yenilənən siması" müsabiqəsinə start verildiyi bildirilib. Hazırda iştirakçılar tərəfindən layihələrin müsabiqəyə təqdim edilməsi müddəti yekunlaşıb və həmin layihələrin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi prosesinə başlanılır. Qeyd olunub ki, bu müsabiqənin işğaldan azad edilmiş digər kənd və qəsəbələr üzrə də davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.
   Çıxış edən Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun rəhbəri Rəhman Hümmətov bölgədə icra edilən infrastruktur layihələrinin sürətli və planlı şəkildə həyata keçirildiyini,yolların layihələndirilməsi və vahid planların hazırlanması işləri ilə bağlı qardaş Türkiyə şirkətlərinin cəlb edildiyini vurğulayıb. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə qanunsuz telekommunikasiya xidmətlərinin qarşının alınması üçün işlərin görüldüyü, 7 rayon üzrə radioloji və radioekoloji tədqiqatların  aparıldığı bildirilib.
Ümumilikdə toplantıda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, nəqliyyat və telekommunikasiya infrastrukturu layihələrinin icra vəziyyəti, mədəni irsin və tarixi-mədəniyyət abidələrinin qorunması, Ağdam və Şuşa şəhərlərində tarixi mədəniyyət abidələrinin bərpası məsələlərinə dair müzakirələr aparılıb.
Səfər çərçivəsində Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupunun üzvləri Ağdamda səfərdə olub, yenidənqurma və bərpasına ehtiyac olan tarix, mədəniyyət abidələrinə baxış keçiriblər. Şəhərsalma məsələləri və Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qruplarının isə Füzuli və Şuşa şəhərlərinə səfərləri baş tutub. Dövlət qurumlarının əməkdaşları tərəfindən Füzuli Hava Limanının və Zəfər Yolunun tikinti işlərinə, Füzuli - Hadrut avtomobil yolunda aparılan minatəmizləmə prosesinə baxış keçirilib, qrup üzvlərinə Füzuli şəhərinin ərazi planlaşdırma sənədlərinin hazırlanması haqqında məlumat verilib. Şuşa şəhərinə səfər zamanı isə Şuşa Radio-Televiziya Yayım Stansiyası, Şuşa Rabitə Qovşağının binası və mövcud yol infrastrukturu ilə tanışlıq olub, şəhərin ilkin planlaşdırma layihələrinə baxış keçirilib.
    Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərinin yenidənqurması və bərpası işlərinin mərkəzləşdirilmiş və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi, məlumat mübadiləsinin təşkili məqsədi üçün Əlaqələndirmə Qərargahının İdarələrarası mərkəzinin işçi qruplarının iclasları mütəmadi şəkildə keçirilir.
 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.



Bütün xəbərlər