İdarələrarası mərkəzin şəhərsalma məsələləri üzrə işçi qrupunun onlayn iclası keçirilib
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun növbəti onlayn iclası keçirilib. İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi toplantıda işğaldan azad edilmiş ərazilərin planlaşdırma sənədlərinin hazırlanması, regiondakı yaşayış məntəqələrinin yenidənqurması, zəruri infrastrukturun yaradılması və yerli əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində aparılan işlərin icra vəziyyəti haqqında məlumat verilib. Bildirilib ki, planlaşdırma sənədlərinin təyin olunmuş müddətdə hazırlanaraq başa çatdırılması üçün işğaldan azad olunmuş ərazilərdə müvafiq qurumlar tərəfindən hazırda görülən və planlaşdırılan işlərin əlaqələndirilməsi, məlumat mübadiləsi vacib məsələlərdəndir.
İclasda Ağdam şəhərinin Baş planına əsasən həyata keçirilən layihələr və qarşıda duran vəzifələr, o cümlədən digər şəhərlərin Baş planlarının hazırlanması istiqamətində müzakirələr aparılıb. Torpaq sahələrinin ayrılması haqqında müvafiq qurumların müraciətləri ilə bağlı yaranan suallar cavablandırılıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Rəqəmsal Geoinformasiya sisteminə inteqrasiya olunmalı qurumlar üzrə hesabat təqdim edilib.
Onlayn toplantıda aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən mühəndis kommunikasiya və nəqliyyat infrastrukturu layihələri, digər sahələrdə görülən işlər ətrafında fikir mübadiləsi aparılıb, məsələlərin birgə həlli yolları təhlil edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.