Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sisteminin təqdimatı keçirildi
25 yanvar 2019-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı şəhəri üzrə tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sisteminin təqdimatı keçirildi. Bu elektron müraciət sistemi “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə hazırlanmışdır.
Elektron müraciət sistemi vasitəsi ilə tikinti obyektinin sifarişçisi Bakı şəhəri üzrə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınmasını “bir pəncərə” prinsipi əsasında elektron formada həyata keçirə biləcək. Belə ki, sifarişçi qeyd olunan sistemə elektron qaydada müraciət edərək və tələb olunan sənədləri elektron formada yükləyərək 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər.
Ölkə başçısının qeyd olunan Fərmanını tam şəkildə icra etmək məqsədilə Komitə tərəfindən işlər davam etdirilir və cari il ərzində hazırkı sistemin daha da təkmilləşdirilərək, ölkə üzrə tikintiyə icazə üçün elektron müraciət sisteminin yaradılması nəzərdə tutulur.
Hazırda elektron müraciət sistemi test rejimində yoxlanılır və cari ilin fevral ayının əvvəlində istifadəyə veriləcəkdir.