Anar Quliyev: Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma fəaliyyətini həyata keçirir
Ümumdünya Şəhər Forumunun (WUF) 11-ci sessiyası çərçivəsində nazirlər səviyyəsində dəyirmi masa təşkil olunub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev tədbirdə çıxış edib. O, bu il Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 30 illik yubileyinin keçirildiyini diqqətə çatdırıb və bu münasibətlə Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində böhranlardan sonra bərpa və yenidənqurmaya həsr olunmuş beynəlxalq tədbirin baş tutduğunu söyləyib.
Qeyd olunub ki, dayanıqlı urbanizasiya üçün beynəlxalq sənədlər olan 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik və Yeni Şəhər Gündəliyi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dünyada Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasına dair üç Könüllü Milli İcmal təqdim etmiş azsaylı ölkələr sırasında yer alır. DİM-lərə nailiyyət indeksi üzrə mümkün 100 baldan 73,5 bal toplayan Azərbaycan Davamlı İnkişaf Hesabatında 163 ölkə arasında 50-ci yerdədir.
Azərbaycan təmsilçisi diqqətə çatdırıb ki, bu gün şəhər əhalisi Azərbaycan əhalisinin yarıdan çoxunu təşkil edir. Son illərdə şəhər idarəçiliyinin gücləndirilməsi, şəhərsalma planlarında proqnozlaşdırma və ardıcıllığın təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, sosial müdafiənin gücləndirilməsi, nəqliyyat, ekoloji və su idarəetmə sistemlərinin təkmilləşdirilməsi, aztəminatlı ailələrə və digər həssas sosial qruplara dəstək verilməsinə yönəlmiş müvafiq qanunvericilik aktları qəbul edilib, əhatəli və səmərəli siyasət həyata keçirilib.
Bildirilib ki, dayanıqlı şəhərsalma Azərbaycan öz ərazilərini 30 il boyu davam edən işğaldan azad etdikdən sonra daha da dəyər qazanıb. İşğal zamanı urbisid, kulturesid və ekosid nəticəsində 300-dən çox şəhər və kənd, mədəniyyət və dini obyektlər tamamilə dağıdılıb. Bundan başqa, münaqişəyə məruz qalmış ərazilərin minalarla böyük dərəcədə çirklənməsi və dəqiq mina sahəsi xəritələrinin olmaması şəhərsalma, reabilitasiya və yenidənqurma işlərinin səmərəli aparılmasına, yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtmasına əsas maneə olaraq qalır.
Bu çağırışlara baxmayaraq, Azərbaycan müasir şəhərsalma mexanizmlərini tətbiq etməklə və “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji və sıfır emissiya zonası” əsasında şəhərlərin yenidən qurulmasına başlayıb və artıq nəzərəçarpacaq nəticələr əldə edib. Buraya ən qabaqcıl texnologiyalar vasitəsilə əsas xidmətlərin göstərilməsi, yeni avtomobil yollarının, tunellərin, dəmir yollarının və üç yeni beynəlxalq hava limanının tikintisi daxildir.
Qeyd edilib ki, Azərbaycanın davam edən yenidənqurma və bərpa səyləri BMT-nin Məskunlaşma Proqramı ilə tərəfdaşlığına verdiyi əhəmiyyəti nümayiş etdirir. Qurumun icraçı direktoru xanım Maimuna Mohd Şərifin bu yaxınlarda Azərbaycana səfəri əməkdaşlıqda yeni səhifə açıb.
“Biz qurumun Azərbaycanda Yeni Şəhər Gündəliyinin həyata keçirilməsində oynadığı mühüm rolu yüksək qiymətləndiririk. İllik Milli Şəhər Forumunun bu il Ağdam şəhərində təşkili ilə bağlı müzakirələr son mərhələdədir. Biz bunu bu ilin oktyabrında təşkil etmək niyyətindəyik və fürsətdən istifadə edərək hamınızı münaqişədən sonrakı yenidənqurma prosesləri ilə bağlı geniş spektrli məsələlərin müzakirəsi üçün əla fürsət təqdim edəcəyimiz bu forumda iştiraka dəvət etmək istərdim”, - deyə Anar Quliyev bildirib.
Diqqətə çatdırılıb ki, Azərbaycan da UN HABITAT-ın səylərini qlobal səviyyədə dəstəkləyir. Məhz bu dəstəyin ruhuna uyğun olaraq Azərbaycan beynəlxalq quruma 1,5 milyon ABŞ dolları ayırıb.
Anar Quliyev çıxışının sonunda Azərbaycanın hazırda müasir tarixin ən mürəkkəb və iddialı yenidənqurma- bərpa fəaliyyətini həyata keçirdiyini tədbir iştirakçılarını sessiya çərçivəsində təşkil edilmiş sərgidəki Azərbaycan stendinə baş çəkməyə, orada şəhər planlaması da daxil olmaqla, münaqişədən sonrakı bərpa səylərində əldə edilmiş irəliləyişlərlə tanış olmağa dəvət edib.
Все новости