Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri BMT-nin Baş Assambleyasının Yeni Şəhər Gündəliyinə həsr olunmuş iclasında çıxış edib
28 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən Nyu-York şəhərində yerləşən mənzil-qərargahında “Yeni Şəhər Gündəliyi” sənədinin icra vəziyyəti və şəhərsalma məsələləri üzrə keçirilən yüksək səviyyəli iclasda iştirak edib. BMT-nin İnsan Məskənləri Proqramının (“UN-HABITAT”) həmtəşkilatçılığı ilə keçirilən bu tədbirə üzv dövlətlərin hökumətlərinin rəhbərliyi və üzvləri də qatılıb.
İclasda çıxış edən Komitə sədri ölkəmizin qlobal şəhərsalma trendləri və dəyərlərinə töhfəsindən, şəhərsalmanın inkişafı istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əldə edilmiş nailiyyətlərdən danışıb, habelə 30 il işğal altında qalmış ərazilərimizdə Ermənistan işğalçılarının insanlıq əleyhinə əməlləri, şəhərlərimizin və mədəni irsimizin məhv edilməsi faktları, törədilmiş urbisid, ekosid cinayətləri və hazırda tərəfimizdən həmin ərazilərin yenidən dirçəldilməsi məqsədilə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, müasir şəhərsalma yanaşmaları barədə ətraflı məlumat verib.
Anar Quliyev BMT-nin yüksək tribunasından dünya ictimaiyyətinin diqqətini Azərbaycanın olduqca böyük ərazilərinin işğal altında olduğu dövrdə minalanması faktına, minalanmış sahələrin dəqiq xəritələrinin bugünədək təqdim olunmamasının şəhərsalma proseslərini və Azərbaycanlıların doğma torpaqlarına qayıdışını əhəmiyyətli dərəcədə əngəlləyən əsas səbəblərdən biri olduğuna xüsusi cəlb edib.
“Yeni Şəhər Gündəliyi” BMT-nin Mənzil və Dayanıqlı Şəhərsalma üzrə 2016-cı ildə keçirilmiş Konfransında təsdiq olunmuşdur. Sənəd şəhərsalmanın dayanıqlı inkişafının qlobal standartlarını müəyyən edərək şəhərlərin tikintisi, idarə olunması və şəhərlərdə həyat ilə bağlı yanaşmaların yenilənməsi zərurətini təşviq edir. BMT-nin Baş Assambleyasının “Yeni Şəhər Gündəliyi”nin reallaşdırılmasının qiymətləndirilməsi üzrə Nyu-Yorkda keçirilən yüksək səviyyəli görüşünün məqsədi ölkələr və şəhərlərin bu sənədə diqqətini artırmaq, onun hökumətlər üçün şəhərsalma və məskunlaşmada yol xəritəsi rolunu oynaması üçün zəruri addımları müzakirə etməkdir.
Все новости