Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Azərbaycanda heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiq edilib
Azərbaycanda heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiq edilib

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası tərəfindən heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiq edilib. Sənəd müasir texnologiyaların tətbiqini, enerji səmərəliliyinin artırılmasını və ekoloji təhlükəsizliyin təmin olunmasını nəzərdə tutur.

 

Yeni normalar tikiləcək və yenidən qurulacaq heyvandarlıq və quşçuluq müəssisələrinə şamil edilir. Sənəddə müxtəlif növ kənd təsərrüfatı heyvanlarının və quşların saxlanılması üçün bina və yerləşgələrin, mühəndis sistemlərinin, su təchizatı və ventilyasiya qurğularının layihələndirilməsi, eləcə də yanğın təhlükəsizliyi ilə bağlı tələblər müəyyən edilib.

 

Sənədin əsas istiqamətlərindən biri ağıllı kənd təsərrüfatı (Smart Farming) texnologiyalarının tətbiqidir. Xüsusilə temperatur, rütubət və havanın keyfiyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin istifadəsi tövsiyə olunur. Məsələn, heyvanlarda istilik stressi riski yarandıqda ventilyasiya və soyutma sistemlərinin avtomatik işə salınması, həmçinin su sərfiyyatındakı qeyri-adi artımlarla bağlı xəbərdarlıq edən rəqəmsal sayğacların tətbiqi nəzərdə tutulur.

 

Enerji səmərəliliyinə və resurslardan qənaətlə istifadəyə xüsusi diqqət ayrılıb. Layihələndirmə zamanı enerji istehlakının azaldılması, istehsalat proseslərində yaranan istiliyin təkrar istifadəsi və istilik nasoslarının tətbiqi üzrə tədbirlər nəzərdə tutulur.

 

Yeni normalar heyvan və quşların saxlanılması üçün əlverişli və təhlükəsiz şəraitin yaradılmasına da xidmət edir. Müxtəlif heyvan növlərinin xüsusiyyətləri nəzərə alınmaqla mikroiqlim göstəriciləri, döşəmə örtüklərinin təhlükəsizliyi, ventilyasiya və su təchizatı ilə bağlı texniki tələblər müəyyən edilib.

 

Ekoloji təhlükəsizliyin təmin olunması məqsədilə heyvandarlıq tullantılarının torpağı və yeraltı suları çirkləndirməsinin qarşısının alınması, həmçinin onların üzvi gübrə istehsalında istifadəsi ilə bağlı müddəalar nəzərdə tutulub.

 

Bununla yanaşı, fövqəladə hallar zamanı heyvan və quşların təhlükəsiz təxliyəsinə dair tələblər müəyyən edilib. Xüsusilə ayrı-ayrı bölmələrə ayrılmış binalarda hər bölmədən ən azı iki müstəqil təxliyə yolunun nəzərdə tutulması tələb olunur.

 

Yeni normaların qüvvəyə minməsi ilə 1984-cü ildə təsdiq edilmiş və 40 ildən artıq müddətdə tətbiq olunan СНиП 2.10.03-84 normativ sənədinin Azərbaycan Respublikası ərazisində hüquqi qüvvəsi dayandırılacaq.

 

Ətraflı: https://arxkom.gov.az/qanunvericilik/normativler/binalarin-muhendis-sistemleri/azdtn-28-5-heyvandarliq-ve-qusculuq-muessiselerinin-binalari-ve-yerlesgeleri-layihelendirme-normalari

 



Все новости