Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaşayış və qeyri-yaşayış obyektlərinin layihələndirilməsində parklanmaya dair yeni tələblər təsdiqləyib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaşayış və qeyri-yaşayış obyektlərinin layihələndirilməsində parklanmaya dair yeni tələblər təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin layihələndirilməsi və tikintisi zamanı onların parklanma yerləri ilə təmin olunmasına dair məcburi minimum tələbləri təsdiq edib. Sənəd yaşayış, inzibati, təhsil, səhiyyə, ticarət, mehmanxana, idman, mədəniyyət, istehsalat və digər təyinatlı obyektlərin layihələndirilməsi zamanı onların parklanma yerləri ilə təmin olunmasına dair vahid normativ yanaşmanı müəyyən edir.

 

Qərara əsasən, çoxmənzilli yaşayış binalarında hər mənzil üçün ən azı bir parklanma yeri, ümumi sahəsi 180 m² və daha çox olan mənzillər üçün isə 1,3 parklanma yerinin nəzərdə tutulması tələb olunur. Eyni zamanda, parklanma yerlərinin ümumi sayının ən azı 50 % yeraltı parkinqlərdə yerləşdirilməlidir ki, bu da yerüstü parklanma sahələrinin azalmasına, ictimai məkanların keyfiyyətinin yüksəldilməsinə və daha komfortlu şəhər mühitinin formalaşdırılmasına xidmət edir.

 

Bununla yanaşı, qərarda şəhər mobilliyinin müasir prinsipləri də nəzərə alınıb. Metro, tramvay, şəhərətrafı dəmiryolu stansiyalarının, eləcə də nəqliyyat mübadilə qovşaqlarının piyada əlçatanlığı daxilində (400 metrədək məsafədə) yerləşən qeyri-yaşayış obyektləri üçün normativ parklanma yerlərinin sayının 30 % azaldılmasına icazə verilir. Bu yanaşma ictimai nəqliyyatın və mikromobilliyin inkişafını dəstəkləməklə yanaşı, şəhər ərazilərindən daha səmərəli istifadə olunmasına şərait yaradır.

 

Qərarda inklüzivlik və dayanıqlı inkişaf prinsiplərinə də xüsusi diqqət yetirilib. Belə ki, parklanma yerlərinin ən azı 5 % əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmalı, 50 və daha çox parklanma yeri olan obyektlərdə isə yerlərin ən azı 5 % elektrik nəqliyyat vasitələrinin enerji ilə doldurulması üçün müvafiq infrastrukturla təmin edilməlidir.

 

Təsdiq olunan tələblər parklanma yerlərinin səmərəli planlaşdırılmasına, eləcə də daha rahat, təhlükəsiz və dayanıqlı şəhər mühitinin formalaşdırılmasına xidmət edir.

 

Ətraflı məlumat üçün aşağıdakı keçid linkindən istifadə edə bilərsiniz:
https://bit.ly/arxkomgovaz



Все новости