Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Goranboy şəhərinin yeni Baş planı təsdiq edildi
Goranboy şəhərinin yeni Baş planı təsdiq edildi

Goranboy şəhərinin Baş plan layihəsi 2039-cu ilədək olan dövr üçün nəzərdə tutulub. Yeni sənəd Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Integris" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanıb. Şəhərin Baş planı layihələndirilərkən şəhər sakinlərinin iş yerləri, rekreasiya əraziləri və yaşayış sahələrinə tələbatının təmin edilməsi prioritet götürülüb.

Planlaşdırma sənədinin hazırlanma mərhələsində şəhər üzrə demoqrafik göstəricilər təhlil edilib, əhali sayının mövcud 10,5 mindən hesabat dövrü ərzində 12,6 min nəfərədək artacağı proqnozlaşdırılıb. Əhalinin artımına uyğun olaraq yaşayış fondunun 305,4 min m2-dən 478,8 min m2-dək artırılması təklif edilir.

Həmçinin şəhərin inkişafına uyğun olaraq küçə və yolların uzunluğunun mövcud 116,65 km-dən 158,57 km-dək artırılması, ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.

Sənəddə şəhər əhalisinin məşğulluq imkanlarının artırılması üçün ümumşəhər əhəmiyyətli magistral küçələri boyunca ümumi sahəsi 77,2 ha olan ictimai-işgüzar zonaların yaradılması planlaşdırılır.

Hazırda əhalinin səhiyyə və təhsil müəssisələri ilə təminat səviyyəsi qənaətbəxşdir. Baş plan layihəsi ilə hesabat müddəti ərzində əhalinin artımı nəzərə alınmaqla yeni sosial yönümlü obyektlərin yerləşdiriləcəyi ərazilər müəyyən olunub.  

Goranboy şəhərinin Baş plan layihəsi ilə rekreasiya ərazilərinin sahəsinin 67,3 ha-dan 203,3 ha-dək qədər artırılması təklif edilir. Bu ərazilər əsasən şəhərin şimal-qərb sərhədindən keçən Gorançayın sahili boyunca olan sahələrdir.

Baş plan layihəsi ilə ərazi üzrə külək rejimi nəzərə alınmaqla sənaye zonasının şəhərin şərq hissəsində, M-2 respublika əhəmiyyətli avtomobil yoluna çıxışı olan ərazidə layihələndirilib. Bu zonada əsasən yüngül sənaye müəssisələrinin yerləşdirilməsi nəzərdə tutulur.

Goranboy şəhərinin Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.11.2022-ci il tarixli müvafiq qərarı ilə təsdiq edilib.



Все новости