Əziz memarlar!
Sizi Ümumdünya Memarlıq Günü münasibətilə ürəkdən təbrik edir, ölkəmizin inkişafı yolunda gördüyünüz işlərdə hər birinizə uğurlar arzu edirik.
Azərbaycan memarlıq sənətinin zəngin tarixi ənənələri vardır. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanda dünya memarlığının xüsusiyyətlərini əks etdirən özünəməxsus milli memarlıq məktəbi formalaşmışdır. Xalqımız dünya mədəniyyət xəzinəsinə çoxsaylı seçilən memarlıq nümunələri bəxş etmişdir. Bunun nəticəsidir ki, YUNESKO-nun “Ümumdünya İrsi Siyahısı”nda Azərbaycan tarixi-memarlıq abidələri də yer almaqdadır.
Memarlıq sənətini xalqın maddi və mənəvi dəyərlərinin təzahür forması adlandıran Ümummilli Lider Heydər Əliyev bu sahənin inkişafına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə digər sahələrlə yanaşı Azərbaycan memarlığı da uğurla inkişaf edərək şaxələnmiş, güclü mütəxəssislər yetişdirilmişdir.
Milli memarlıq sənətinə yönəlmiş bu diqqət və qayğı hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün paytaxt Bakıda, eləcə də digər şəhər və bölgələrimizdə tarixi ənənələrimizdən ilhamlanaraq reallaşdırılan layihələrlə yanaşı, müasir və innovativ memarlığı ilə seçilən binalar və komplekslər də inşa olunur. Öz sələflərinin zəngin ənənələrini davam etdirən müasir Azərbaycan memarları yeni axtarışları, kəşfləri və nailiyyətləri ilə bu gün də xalqımıza qürur hissi yaşadır, dünya memarlığına dəyərli töhfələr verirlər.
Bu gün tarixi irsimizi, mədəniyyətimizi və müasirliyimizi memarlıqda təcəssüm etdirən peşəkarların bayramıdır. Memarlarımızı bu əlamətdar gün münasibəti ilə bir daha təbrik edir, müasir Azərbaycanın memarlıq tarixinə yeniliklər yazacağına inanır və bu şərəfli yolda müvəffəqiyyətlər arzu edirik.
Dəyərli memarlar, peşə bayramınız mübarək!