Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

18 oktyabr – Dövlət Müstəqilliyi günümüz mübarək!
18 oktyabr – Dövlət Müstəqilliyi günümüz mübarək!

Dəyərli həmvətənlər!

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bütün kollektivi adından hər birinizi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu tarixi sənədlə xalqımız uzun illər ərzində həsrətində olduğu azadlığına qovuşdu. Bununla da Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdi, özünün suveren dövlətini yaratmaq imkanını qazandı. Bu gün həmin şanlı tarixdən – Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 29 il ötür.

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən ölkə daxilində gedən siyasi çəkişmələr müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı bu təhlükəni aradan qaldırdı, müstəqilliyimizin siyasi və iqtisadi sütunlarını möhkəmləndirməyə başladı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illərdə apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz siyasi, iqtisadi və hərbi cəhətdən dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Azərbaycan xalqı ötən illər ərzində ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan nailiyyətlərlə haqlı olaraq fəxr edir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir.

Bu gün hər birimiz ölkəmiz üçün taleyüklü, eyni zamanda qürurverici tarixi yaşayırıq. Bu tarixi, Ali Baş Komandanımızın rəhbərliyi altında, döyüş meydanlarında qəhrəman əsgər və zabitlərimiz yazır. Müstəqilliyimizin ilk günlərindən üz-üzə qaldığımız Ermənistanın işğalçı siyasətinə bu gün son qoyulur. Respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını, ölkəmizin sərhədlərinin qorunmasını, ərazi bütövlüyünü, işğal altında olan torpaqlarımızın azad edilməsini təmin etmək əzmində olan qüdrətli Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyyatları nəticəsində bu gün işğaldan azad olunan onlarla yaşayış məntəqələrində Azərbaycan bayrağı dalğalanır. Bu gün heç kimdə şübhə yoxdur ki, gecə-gündüz Vətənə keşik çəkən, Vətən uğrunda canından keçməyə hazır olan igid əsgər və zabitlərimizin şücaəti sayəsində tezliklə bütün torpaqlarımız işğaldan azad olunacaq.

Azərbaycan xalqının Dövlət Müstəqilliyinin növbəti yubiley 30-cu ilini ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycan Respublikasının azad olunmuş tarixi torpaqlarında da qeyd etməsi ümidilə bir daha Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edir, tezliklə hər birimizə Böyük Qələbə sevincini yaşamağı arzulayıram.

 

Anar Quliyev

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri



Bütün xəbərlər